HƏRBİ ƏMƏLİYYATLAR ZAMANI YÜNGÜL DƏRƏCƏLİ KƏLLƏ-BEYİNİN PARTLAYIŞ ZƏDƏSİNİ ALMIŞ ŞƏXSLƏRDƏ GÖRMƏNİN FUNKSİONAL VƏZİYYƏTİNİN VƏ GÖZÜN STRUKTUR DƏYİŞİKLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Açar sözlər:
partlayış zədəsi, kəllə-beyinin yüngül dərəcəli partalyış zədəsi, çağırılmış görmə potensialları müyinəsi, optik koherent tomoqrafyaXülasə
Məqsəd – hərbi əməliyyatlar zamanı kəllə-beyinin yüngül dərəcəli partlayış zədəsini almış şəxslərdə görmənin funksional vəziyyətini, eləcə də gözün struktur dəyişikliklərini qiymətləndirmək.
Material və metodlar
Tədqiqat akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçən, yaşları 19-43 (26,6±5,2) arası dəyişən Vətən müharibəsi zamanı partlayış nəticəsində yüngül dərəcəli kəlləbeyin zədəsi almış qazilər arasında aparılmışdır. Ümümilikdə 46 nəfər tədqiq olunmuşdur ki, onlardan 26 nəfəri partlayışdan 2-5 ay (3±0,8) sonrakı müddətdə, 20 nəfər 6 ay və sonrakı müddətdə (9±2,1), mərkəzdə oftalmoloji müayinədən keçmişdirlər. Ümumi oftalmoloji müayinəyə cəlb olunan hər bir qazidə görmə yollarının funksional vəziyyəti çağırılmış görmə potensialları müyinəsi (ÇGP), gözün struktur dəyişikliyi optik koherent tomoqrafya (OKT) ilə qiymətləndirilmişdir.
Nəticə
Partlayış zədəsindən ilk 2-5 ay ərzinə müayinədən keçən gənclərdə görmə sahəsində müxtəlif daralma və skotoma sahələri, görmə itiliyinin azalması və korreksiya olunmaması, konvergensiya pozğunluğu, güclənmiş adduksiya, blefarospazm müşahidə olunmuşdur. Bu şəxslərdə yanaşı nevroloji simptomlar daha çox müşahidə olunmuşdur. İki xəstədə tor qişa qopması, bir xəstədə mərkəzi yırtığı, 3 nəfərdə katarakta zərbə dalğasının nəticəsi olaraq izlənilmişdir. Zədədən 6 ay və daha uzun müddət ərzində müayinədən keçmiş şəxslərdə akkomodasiya pozğunluğu, 3 xəstədə OKT müayinədə makulada müxtəlif dərəcədə təzahür olunan struktur dəyişiklik, 3 gəncdə ÇGP əsasında yuxarı görmə yollarında keçiricilik pozğunluğu aşkarlanmışdır.
Yekun
Partlayış zədəsi nəticəsində görmə yolları, qabıq və qabıqaltı görmə mərkəzlərindəki neyropatofzioloji proseslərlə yanaşı gözün daxili strukturlarının zədələnmələrinin düzgün qiymətləndirilməsi qazilərin sonrakı müalicə və reabilitasiyasında müstəsna əhəmiyyətli rol oynayacaqdır.