MÜƏLLİFLƏRİN NƏZƏRİNƏ
“Azərbaycan Oftalmologiya Jurnalı” oftalmologiya və əlaqəli elmlər sahəsində aktual problemlərə dair yerli və xarici alimlərin tədqiqatlarının nəticələrini özündə əks etdirən, orijinal məqalələri dərc edən resenziyalı dövri nəşrdir. Jurnal 2009-cu ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən rüblük dövri nəşr olaraq, həm çap, həm də elektron qaydada ildə 4 dəfə nəşr olunur (www.oftalmologiya.az). Jurnal Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının təsdiq edilmiş jurnallar siyahısına daxildir və professor-müəllim heyəti, elmi işçilər habelə alimlik dərəcəsi əldə etmək istəyən tədqiqatçılar üçün nəzərdə tutulub. Jurnal beynəlxalq ISSN kodu almış (ISSN print -2220-7910; ISSN online – 2709-4634), CROSSREF, RESİ və ROAD məlumat bazalarında qeydiyyatdan keçmişdir.
Jurnalın redaksiya heyəti məqalələri müzakirə sırasına uyğun olaraq dərc edir və müəlliflərin fikirləri ilə razılaşmaya bilər. Müəlliflər məlumatların etibarlılığına, Helsinki Bəyannaməsinin tələblərinə uyğun olaraq tədqiqatın etik standartlarına riayət olunmasına, maraqların toqquşmasının olmamasına görə məsuliyyət daşıyırlar. Redaksiya reklam materiallarının məzmununa görə cavabdeh deyildir.
Təqdim olunan məqalə mütləq şəkildə orijinal olmalıdır. Daha öncə dərc olunmuş və ya digər jurnallara eyni zamanda rəy üçün verilmiş məqalələr qəbul edilmir. Müəllif dissertasiyasının dərc olunmuş bir hissəsini əlyazma şəklində təqdim edə bilər, bir şərtlə ki, bu əlyazma yalnız dissertasiyanın bir hissəsi olsun və başqa bir jurnal məqaləsinin tərkib hissəsi olaraq təqdim edilməsin. Əgər plagiat məzmunun mövcudluğu və ya generativ süni intellekt texnologiyasından istifadə nəticəsində dublikat aşkarlanarsa, məqaləyə baxılmır. Digər nəşrlərdən şəkil, foto və ya cədvəl istifadə olunarkən, həmin materialların müəlliflərinin təkrar nəşri üçün yazılı icazəsi tələb olunur və bu icazə redaksiyaya təqdim edilməlidir.
Bütün çapa qəbul olunan məqalələrə rəqəmsal obyektlərin unikal daimi identifikatoru - DOI (Digital Object Identifier)- təyin edilir.
Yalnız müəlliflər üçün müəyyən edilmiş qaydalara uyğun hazırlanmış məqalələr çapa qəbul edilir. Bütün əlyazmalarda səhifə və sətir nömrələri olmalıdır.
Bütün qaydalarla tanış olmaq üçün PDF faylı yükləyin