OFTALMOLOJİ YARDIMIN III MƏRHƏLƏSİNDƏ QLAUKOMANIN KLİNİK SƏCİYYƏLƏRİ
Açar sözlər:
qlaukoma, oftalmoloji yardım, klinik xüsusiyyətlərXülasə
Məqsəd – oftalmoloji yardımın III mərhələsində qlaukoma ilə xəstələrin klinik səciyyələrinin kompleks şəkildə qiymətləndirməsi.
Material və metodlar
Tədqiqat işinə oftalmoloji yardımın III mərhələsində olan akad. Zərifə Əliyeva adına Milli Oftalmoloji Mərkəzinin poliklinikasına 2019-cu ildə müraciət etmiş və stasionarında müalicə almış müvafiq olaraq 1083 və 642 pasiyent daxil edilmişdir. Xəstələrin demoqrafik səciyyələri (yaş, cins), qlaukomanın klinik formaları, ağırlıq dərəcəsi, davam müddəti, xəstələrdə gözdaxili təzyiqin, CDR-in, görmə itiliyi və müalicə variantları barədə məlumat toplanmışdır. Qlaukomanın diaqnostikasında mövcud klinik protokollara müvafiq klinik-instrumental metodlar tətbiq olunmuşdur.
Nəticə
Xəstələrin cinsə görə bölgüsündə kişilərin xüsusi çəkisi statistik dürüst yüksəkdir (54,0±1,5 – poliklinikada, 53,3±1,5 – stasionarda). Pasiyentlrin əksəriyyəti 60-69 yaşında (28,8±1,4% – poliklinikada, 27,4± 1,7% – stasionarda) və 70-79 yaşında (müvafiq olaraq 27,8±1,4% və 25,5±1,7%) olmuşdur. Pasiyentlərdə birincili açıqbucaqlı qlaukoma nisbətən daha çox müşahidə olunmuşsur (müvafiq olaraq 68,8±1,4% və 66,5±1,9%). Poliklinikada 51,3±1,5% pasiyentlərə, stasionarda isə 52,0±2,0%-nə medikamentoz müalicə təyin edilmişdir.
Yekun
Oftalmoloji yardımın III mərhələsində 68,8±1,4% hallarda birincili açıqbucaqlı qlaukoma aşkar edilmişdir, 67,8±1,5% hallarda patologiya II və III mərhələdə olmuşdur. Ambulator və stasionar xəstələrin kliniki xüsusiyyətləri bir-birindən fərqlənir ki, bu da planlaşdırılmış müalicənin müxtəlif taktikalarının seçiminə səbəb olur.