AZƏRBAYCANDA OFTALMOLOJİ YARDIMIN ÜÇÜNCÜ MƏRHƏLƏSİNDƏ TƏCİLİ VƏ TƏXİRƏSALINMAZ MÜRACİƏTLƏRİN REGİONAL XÜSUSİYYƏTLƏRİ
Açar sözlər:
regional xüsusiyyətlər, təcili və təxirəsalınmaz müraciətlər, oftalmoloji yardımXülasə
Məqsəd – Azərbaycanda oftalmoloji yardımın III mərhələsində təcili və təxirəsalınmaz müraciətlərin regional xüsusiyyətlərinin qiymətləndirilməsi.
Material və metodlar
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 2019-cu il ərzində təcili və təxirəsalınmaz səbəblərlə bağlı 2907 müraciət təhlil edilmişdir. Müraciətlər ölkənin respublika tabeli şəhər və rayonlarına görə qruplaşdırılmışdır, həmçinin 100 min nəfər əhaliyə düşən şəhər və rayon sakinlərinin müraciətlərinin tezliyi müəyyən edilmişdir.
Nəticə
Respublika əhalisi üzrə oftalmoloji yardımın III etapında təcili və təxirəsalınmaz səbəblərlə bağlı akad. Zərifə Əliyeva adına Milli Oftalmalogiya Mərkəzinə müraciətlərin ümumi səviyyəsi təqvim ilində 32,6±0,60⁄0000 təşkil etmişdir. Göstəricilərin nisbətən az səviyyəsi Gəncə şəhəri (11,7±1,90⁄0000), nisbətən çox - Siyəzən rayonu (80,1±13,70⁄0000) əhalisi arasında qeydə alınmışdır. Qeyd olunan göstəricilərin fərqli olmasının səbəbi regional oftalmoloji xidmətin qeyri-bərabər əlçatanlığı və potensialıdır. Oftalmoloji yardımın III etapında təcili və təxirəsalınmaz səbəblərlə müraciətlərin 64,8%-i göz və onun əlavə aparatının travmaları ilə bağlıdır.
Yekun
Oftalmoloji yardımın III etapında təcili və təxirəsalınmaz səbəblərlə bağlı müraciətlərin azalması regionlarda oftalmoloji xidmət şəbəkəsinin gücləndirməsi ilə mümkündür.