QLAUKOMA VƏ MİOPİYA OLAN PASİYENTLƏRDƏ TOR QİŞANIN QANQLİOZ HÜCEYRƏ KOMPLEKSİNİN QİYMƏTLƏNDİRİLMƏSİNDƏ OPTİK KOHERENT TOMOQRAFİYANIN DİAQNOSTİK DƏYƏRİ
Açar sözlər
miopiya, qlaukoma, optik koherent tomoqrafiyaXülasə
Məqsəd – qlaukoma və aksial miopiyanın birgə rast gəlindiyi hallarda qanqlioz hüceyrə kompleksində (QHK) dəyişikliklərin xarakterini müəyyən etmək.
Material və metodlar
Optik koherent tomoqrafiya (OKT) vasitəsilə dörd qrupa bölünmüş (qlaukoma+miopiya, qlaukoma, miopiya, emmetropiya) 55 xəstə müayinə edilmişdir.
Bütün xəstələr vizometriya, biomikroskopiya, qonioskopiya, tonometriya, refraktometriya, paximetriya, oftalmoskopiya və gözün ön-arxa oxunun ölçüsünün (ÖAO) təyini daxil olmaqla standart oftalmoloji müayinələrdən keçmişdilər. Tor qişada və görmə sinirində morfoloji dəyişikliklər oftalmoskopiya və OKT (DRI OCT Triton) vasitəsilə qiymətləndirilmişdir. Bu zaman, OKT məlumatlarına görə, görmə siniri diskinin patoloji dəyişikliklərini xarakterizə edən əsas meyarlar – ekskavasiyanın ölçüsü və sinir lifləri təbəqəsinin qalınlığı olmuşdur.
Nəticələr
Miopiyası olan pasiyentlər qrupunda OKT məlumatlarına əsasən neyroretinal kompleksin vəziyyətinin təhlili sinir lifləri qalınlığının orta hesabla 7% azaldığını göstərmişdir. Pasiyentlərin göz almasının uzunluğuna əsasən qruplaşdırılması nəticəsində, tor qişada QHK qalınlığını xarakterizə edən göstəricilər fizioloji norma daxilində olmuşdur.
Miopiya fonunda qlaukoma və yalnız qlaukoması olan pasiyentlərdə OKT məlumatlarına görə neyroretinal kompleksin vəziyyətinin müqayisəli təhlili aparılmışdır. Qlaukoma və miopiya olan pasiyentlərdə buynuz qişanın qalınlığı orta hesabla 531,2±28,84 mkm, gözdaxili təzyiq (GDT) isə orta hesabla 12,8±3,5 mm c.süt. təşkil etmişdir. Qlaukoma qrupunda GDT orta hesabla 17,3±4,09 mm c.süt. olmuşdur.
Yekun
Miopiyası olan pasiyentlərdə gözün ÖAO uzandıqca tor qişanın QHK qalınlığında ardıcıl azalma müşahidə olunur, lakin bu dəyişikliklər fizioloji norma daxilində qalmışdır. ÖAO 25-26 mm-dən çox olduğu hallarda nəzərə almaq lazımdır ki, QHK qalınlığının ilkin azalması təkcə qlaukomatoz proseslə deyil, həm də aksial miopiyaya xas olan tor qişanın dəyişiklikləri ilə əlaqədar ola bilər.