KERATOREFRAKTİV CƏRRAHİYYƏDƏ MİOPİYANIN MORFOMETRİK MARKERLƏRİ VƏ GENETİK FAKTORLARI
Açar sözlər
miopiya, keratorefraktiv əməliyyat, buynuz qişanın morfometriyası, genetika, ektaziya riski, refraktiv əməliyyatXülasə
Müasir keratorefraktiv cərrahiyyə əməliyyatlarından sonra buynuz qişanın ektaziyası kimi ağırlaşmaların qarşısını almaq üçün öncədən hərtərəfli müayinələrin aparılması vacibdir. Buynuz qişanın morfometrik markerlərinin və genetik meylliyin müəyyən edilməsi riskin dəyərləndirilməsində və fərdi cərrahiyə planlaşdırmasında mühüm rol oynayır.
Məqsəd – yüksək miopiya ilə keratorefraktiv cərrahiyyə olunacaq xəstələrdə optik sinir başlığı (OSB) morfometriyasını qiymətləndirmək və MMP-9 rs3918242 polimorfizmi ilə morfometrik dəyişikliklər arasında mümkün əlaqəni araşdırmaq.
Material və metodlar
Bu retrospektiv tədqiqat (2024–2026) ixtisaslaşmış oftalmoloji mərkəzdə LASIK əməliyyatı üçün seçilmiş 400 xəstədən 100-ünü əhatə edib. Tədqiqata yüksək miopiya ilə ((−)6,25-dən (−)8,50-dək Dptr), 19 – 40 yaş aralığında, gözdaxili əməliyyatı keçirməyən, qlaukoma, digər tor qişa və ya sistem xəstəlik ilə bağlı heç bir patologiyası olmayan pasiyentlər daxil olunmuşdur. Xəstələr OSB görə üç qrupa bölünmüşdü: normal (n = 40), əyri (n = 30) və torsiya ilə əyri disklər (n = 30). Bütün pasiyentlərdə geniş oftalmoloji müayinə, o cümlədən görmə itiliyinin və refraksiyanın qiymətləndirilməsi, biomikroskopiya, tonometriya, genişlənmiş fundus müayinə və fotoreqistrasiyası aparılmışdı. OSB parametrləri (ovalilik indeksi, əyrilik, torsiya, disk–fovea bucağı, disk diametri və peripapilyar atrofiya (PPA)) qiymətləndirildi. MMP-9 rs3918242 polimorfizminin analizi 30 xəstədə PCR-RFLP üsulu ilə aparıldı. Statistik əhəmiyyət p < 0,05 halda qəbul edilirdi.
Nəticələr
MMP-9 rs3918242 polimorfizmin genotipləri belə paylanmışdır: CC (46,7%), CT (40,0%), və TT (13,3%). T allelini daşıyanlarda disk əyriliyində, torsiyada və PPA sahəsində əhəmiyyətli artım müşahidə edildi (p < 0,05). Korelyasiya analizi disk əyriliyi və PPA sahəsi arasında (r = 0,61), torsiya və PPA sahəsi arasında (r = 0,58), həmçinin T alleli daşıyıcılığı ilə morfometrik dəyişikliklər arasında (r = 0,49) müsbət əlaqəni təsdiqlədi. Ümumilikdə, nəticələr göstərir ki, yüksək miopiyada hüceyrə xarici matriksin yenidən qurulması ilə OSB deformasiya olunması arasında əlaqə mövcuddur. Rs3918242 polimorfizmi ilə morfometrik parametrlər arasındakı əlaqə struktural gözün dəyişikliklərə gen meylli ola biləcəy göstərir. Beləliklə, morfometrik və genetik qiymətləndirmənin birləşdirilməsi keratorefraktiv cərrahiyyədən öncə pasiyentlərin risk kateqoriyasını daha yaxşı müəyyənləşdirməyə kömək edə bilər..
Yekun
Optik sinir başlığının morfometrik parametrləri yüksək miopiyanın əhəmiyyətli struktural göstəricisidir. Əyri və torsiya ilə disk arxa seqmentin proqressivləşən dəyişiklikləri ilə əlaqəlidir. MMP-9 rs3918242 polimorfizmi morfometrik dəyişikliklərlə əlaqəlidir və potensial genetik marker kimi istifadə oluna bilər. Morfometrik və genetik qiymətləndirmənin birləşdirilməsi xəstələrin seçimini və keratorefraktiv cərrahiyyənin təhlükəsizliyini artırmağa imkan verir





