MİOPİYANIN BUYNUZ QİŞANIN ENDOTEL HÜCEYRƏLƏRİNİN SIXLIĞI İLƏ ƏLAQƏSİ
Açar sözlər:
buynuz qişa, endotel hüceyrə sıxlığı, miopiya, spekulyar mikroskopiyaXülasə
Məqsəd – buynuz qişanın endotel hüceyrələrinin sıxlığı ilə miopiya dərəcəsi arasındakı əlaqəni qiymətləndirmək.
Material və metodlar
Tədqiqata 18-32 yaş arası zəif, orta və yüksək dərəcəli miopiyası olan 25 xəstə (50 göz) daxil edilmişdir. Zəif dərəcəli miopiya ilə pasiyentlərin sayı 10, orta dərəcəli – 8, yüksək dərəcəli miopiya ilə – 7 nəfər olmuşdur. Tədqiqat akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yerinə yetirilmişdir. Buynuz qişanın müxtəlif distrofiyası, qlaukoma və anamnezdə əvvəllər kontakt linzaların daşınması, göz patologiyası və sistem xəstəlikləri və ya cərrahi əməliyyat keçirmiş xəstələr istisna edilmişdir. Buynuz qişanın mərkəzi hissəsinin endotelinin vəziyyətini qiymətləndirmək üçün kontaktsız güzgülü mikroskopdan (Tomey EM3000) istifadə edilmişdir. Kompüter avtomatik olaraq hüceyrələrin ölçüsünə görə orta hüceyrə sıxlığını (hüceyrə/mm2), dəyişmə əmsalların (DƏ) faizini və heksaqonal hüceyrələri qiymətləndirir, hesablayır və göstərir. Mərkəzi buynuz qişanın ən yaxşı üç şəklinin hər bir dəyişəninin dəyəri endotel hüceyrə sıxlığını (EHS), DƏ və hüceyrə altıbucaqlılığını müəyyən etmək üçün istifadə edilmişdir.
Nəticə
Miopiyanın müxtəlif mərhələlərində buynuz qişasının endotel hüceyrələrinin parametrlərini müqayisə edərkən qeyd etmək olar ki, EHS və hüceyrələrin heksaqonal quruluşunun faizi fərqli olmuşdur. Yüksək miopiyası olan xəstələrdə EHS orta faizi zəif miopiyası olan xəstələrə nisbətən 20,3%, və orta dərəcəli miopiyası olan xəstələrə nisbətən 18,2% aşağı olmuşdur. Yüksək miopiyası olan xəstələrdə heksaqonal hüceyrələrin orta faizi zəif miopiyası olan xəstələrə nisbətən 25%, və orta dərəcəli miopiyası olan xəstələrə nisbətən 21,8% aşağı olmuşdur. Əldə edilən məlumatlara görə, EHS azaldıqca, altıbucaqlı hüceyrə görünüşünün faizi azalır, hüceyrə ölçüsündə DƏ-nın faizi isə artır.
Yekun
Tədqiqatın nəticələrinə əsasən, zəif və orta dərəcəli miopiyası olan gözlərlə müqayisədə yüksək dərəcəli miopiyası olan gözlərdə buynuz qişanın endotel hüceyrələrinin hüceyrə sıxlığı və heksaqonal görünüşü daha aşağı olduğu müəyyən edilmişdir.