AMETROP VƏ EKSİMER LAZER CƏRRAHİYYƏ ƏMƏLİYYATI OLMUŞ GÖZLƏRİN BUYNUZ QİŞASININ TOPOQRAFİK İNDEKSLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Açar sözlər:
buynuz qişanın topoqrafiyası, buynuz qışanın topoqrafik göstəriciləriXülasə
Məqsəd – ametropiya və daha öncə eksimer lazer cərrahiyyə əməliyyatı keçirmiş xəstələrin gözlərinin topoqrafik parametrlərinin WaveLight® OculyzerTM II‡ (ALCON) aparatının Şeympflüq kamerasında dəyərləndirilməsi.
Material və metodlar
Tədqiqat işi yaşı 25-40 arası olan 60 (120göz) xəstə üzərində aparılmışdır. Apardığımız müşahidələr zamanı buynuz qişanın ön və arxa keratometrik, astiqmatizm, asferiklik göstəriciləri, buynuz qişa, ön kamera həcmləri və ön kamera dərinlikləri retrospektiv olaraq qiymətləndirilmişdir. Xəstələr refraktiv dəyərlərə görə qruplaşdırılmışdır. Bütün xəstələrdə görmə itiliyinin təyini (korreksiyasız və korreksiya ilə), biomikroskopiya, refraktometriya, tonometriya, göz dibi müayinəsi və WaveLight® OculyzerTM II‡ (ALCON) vasitəsilə buynuz qişanın vəziyyətinin qiymətləndirilməsi icra olunmuşdur.
Nəticə
Tədqiqatın nəticələri bütün qruplarda ön və arxa keratometriyanın eyni olduğunu müəyyən etmişdir (p=0,250-1,0). Qarışıq və kombinə olunmuş astiqmatik gözlər ön topoqrafik astiqmatizmdə emmetropik gözlərə nisbətən fərqliliklər göstərmişdir, bu zaman arxa topoqrafik astiqmatizmdə bu fərq qarışıq astiqmatik gözlərdə daha aydın olmuşdur. Ön asferiklik eksimer lazer əməliyyatı aparılmış miopik və hipermetropik gözlərdə fərqlər aşkarlanmışdır (p=0,001 və p<0,001). Arxa asferiklik bütün qruplarda eyni olmuşdur. Eksimer lazerlə əməliyyat olunan miopik gözlərdə buynuz qişanın mərkəzi qalınlığı daha incə olmuşdur (p<0,001). Buynuz qişanın həcmi hipermetropik və eksimer lazerlə əməliyyat olunan gözlərdə fərqli olmuşdur (p=0,026). Ön kameranın həcmi və dərinliyi miopik, hipermetropik və eksimer lazerlə əməliyyat aparılmış miopik gözlərdə fərqlənirdi (p=0,003 ilə p<0,001 arasında).
Yekun
Beləliklə, emmetropik gözlərlə müqayisədə topoqrafik ön və arxa astiqmatizm göstəriciləri, buynuz qişanın mərkəzi qalınlığı, buynuz qişa və ön kameranın həcmləri, həmçinin ön kameranın dərinliyində fərqlər müşahidə edilmişdir. Ön və arxa asferik keratometriya bütün qruplarda bərabər olmuşdur.