AİLƏ ANAMNEZİNDƏ İRSİ GÖZ XƏSTƏLİKLƏRİ OLAN UŞAQLARDA ANADANGƏLMƏ KATARAKTANIN RASTGƏLMƏ TEZLİYİ
DOI
https://doi.org/10.71110/ajo791020251704554150Açar sözlər
anadangəlmə katarakta, görmə qüsuru, korluq, qohum nikahlarXülasə
Məqsəd – ailə anamnezində irsi göz xəstəlikləri olan uşaqlarda anadangəlmə kataraktanın (AK) rastgəlmə tezliyini öyrənmək.
Material və metodlar
Tədqiqatın obyekti Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Tibbi Ekspertiza Komissiyasının 2019–2023-cü illər üzrə uşaqların məlumat bazası və statistik hesabat formaları olmuşdur. Xəstələrin ailə anamnezinə əsasən, statistik təhlil iki əsas qrupda aparılmışdır: A qrupu – qohum nikahdan doğulmuş (n=409) və B qrupu - qohum nikahdan doğulmamış (n=151) uşaqlar. Hər qrup yaş kateqoriyalarına görə (0-5, 6-10, 11-15) 3 yarımqrupa bölünmüşdür. Tədqiqat zamanı AK diaqnozu qoyulmuş uşaqlar ailə anamnezi, cins, yaş xüsusiyyətləri və regionlara görə təhlil olunmuşdur. Statistik məlumatların riyazi işlənməsi SPSS 26 proqramı vasitəsilə aparılmışdır. Gözün vəziyyətini qiymətləndirmək üçün kompleks оftalmoloji müayinə metodlarından istifadə edilmişdir. Tədqiq olunan diaqnozlar göz patologiyasının nozoloji qruplarına görə XBT-10 kodu üzrə təsnif olunmuşdur.
Nəticələr
Aparılan araşdırmanın nəticələrinə əsasən, irsi göz xəstəliyi olan 560 xəstədən 112-də (20%) büllurun anadangəlmə patologiyası aşkarlanmışdır. Bu xəstələrdən 68-də (60,7%) ailə anamnezində qohum nikahı qeydə alınmışdır. Məhz bu xəstəliklərin klinik təzahürləri tədqiqata daxil olan uşaqlar arasında ≤ 5 yaş qrupunda daha çox müşahidə edilmişdir. Qohum nikahından doğulmuş uşaqlar arasında ən çox bilateral anadangəlmə katarakta rast gəlinmişdir. Xəstələnmə halları hər iki qrupda oğlanlar arasında daha yüksək olmuşdur.
Yekun
Apardığımız tədqiqat zamanı qohum nikahlarından doğulmuş uşaqlarda irsi göz xəstəlikləri arasında büllurun anadangəlmə patologiyası ikinci ən çox rastgəlmə tezliyi olan patologiya olmuşdur. Alınan nəticələr ona əsas verir ki, müasir diaqnostik müayinə və müalicə metodlarının tətbiqi ilə qarşısı alına bilən, yəni müalicə olunan korluqla mübarizə aparıla bilər.




