ORTA VƏ YÜKSƏK DƏRƏCƏLİ MİOPİYANIN LAZER KORREKSİYASINDAN SONRA GÖRMƏ İTİLİYİNİN VƏ BUYNUZ QİŞANIN TOPOMETRİK GÖSTƏRİCİLƏRİNİN TƏTQİQİ
DOI:
https://doi.org/10.71110/ajo791020241604512734Açar sözlər:
görmə itiliyi, topometrik göstəricilər, buynuz qişa, miopiya, lazer korreksiyasıAbstract
Məqsəd – orta və yüksək dərəcəli miopiyanın lazer korreksiyasından (LASİK, FS-LASİK, FRK) sonra görmə itiliyinin və buynuz qişanın topometrik parametrlərinin dəyişməsinin arasında əlaqəni qiymətləndirmək.
Material və metodlar
Lazer korreksiyasından əvvəl və sonra (3-cü ayda) 34 orta dərəcəli miopiyası (68 göz) və 20 yüksək dərəcəli miopiyası (40 göz) olan pasiyentlərin məlumatları təhlil olunmuşdur. Biometrik göstəricilər Wavelight Allegretto Oculyzer (Alcon, Almaniya) aparatı vasitəsilə əldə edilmişdir. Lazer korreksiyasının nəticəsində göstəricilərdə baş verən dəyişikliklər əməliyyatdan əvvəl və sonra bu göstəricilər arasındakı fərqlərin müəyyən edilməsi ilə əldə olunub. Əlaqəni qiymətləndirmək üçün reqressiya analizi tətbiq edilib.
Nəticələr
Lazer korreksiyası əməliyyatının effektivliyi 3 aydan sonra 92,6±2,5% təşkil etmişdir. Korreksiyasız görmə itiliyi 10 dəfəyə qədər çoxalmışdır (0,08±0,06 və 0,84±0,015). Görmə itiliyinin artması buynuz qışanın mərkəzi qalınlığının azalması, buynuz qişa səthinin dispersiyası indeksi (index of surface variance, ISV), buynuz qişanın vertikal asimmetriya indeksi (index of vertical asimmetry, IVA), buynuz qişanın hündürlük asimmetriyası indeksi (index of height asimmetry, IHA) və buynuz qişanın hündürlük desentrasiya indeksi (index of height desentration, IHD) topometrik göstəricilərinin çoxalması ilə assosiasiya olunmuşdur. Görmə itiliyi və topometrik göstəricilər arasında zəif korrelyasiya, bir sıra topometrik göstəricilər arasında isə güclü korrelyasiya aşkar edilmişdir.
Yekun
Miopiyası olan xəstələrdə lazer korreksiyasından sonra buynuz qişanın topometrik göstəriciləri dəyişir. Əksər hallarda aralarındakı korrelyasiya zəifdir, güclü korrelyasiya (r≥0,7) ISV və IVA, IVA və IHD, IHA və IHD, IHD və IVA arasında aşkar edilmişdir. Bu müsbət dəyişikliklər buynuz qişanın mərkəzi qalınlığının azalması və topometrik indekslərin artması ilə əlaqələndirilə bilər.