YENİYETMƏDƏ OYUNCAQ LAZER GÖSTƏRİCİSİNİN TÖRƏTDİYİ MAKULA YANIĞI (KLİNİK HAL)
Açar sözlər
oyuncaq lazer göstəricisi, makula yanığı, lazer mənşəli makulopatiya, tor qişa zədələnməsi, optik koherens tomoqrafiya, mərkəzi skotoma, yeniyetməXülasə
Məqsəd – yeniyetmə pasiyentdə oyuncaq lazer göstəricisinə məruzqalma nəticəsində inkişaf etmiş makula yanığını təqdim etmək və bu cihazların pediatrik və yeniyetmə yaş qruplarında təhlükəsini vurğulamaq.
Tədqiqat retrospektiv klinik hal təsviri şəklində aparılmışdır. Pasiyentdə görmə itiliyinin təyini, biomikroskopiya, genişləndirilmiş fundus müayinəsi, Amsler toru testi və optik koherens tomoqrafiya (OKT) müayinəsi aparılmışdır.
16 yaşlı oğlan pasiyent sağ gözündə mərkəzi skotoma, qaralma hissi və görmə distorsiyası şikayətləri ilə müraciət etmişdir. Anamnezə görə pasiyent sağ gözünü təxminən 5 sm məsafədən, gücü dəqiq məlum olmayan oyuncaq lazer göstəricisinə 2-3 saniyə müddətində məruz qoymuşdur. Hadisədən təxminən bir həftə sonra aparılan müayinədə hər iki gözdə görmə itiliyi 1,0 olmuş, lakin Amsler testində mərkəzi distorsiya qeydə alınmışdır. Fundus müayinəsində makula nahiyəsində lokal zədələnmə sahəsi izlənmiş, HD-OCT müayinəsində subfoveal kistoz boşluq və retinal qatların lokal struktur pozulması müəyyən edilmişdir.
Pasiyent fərdi klinik yanaşma əsasında yerli qeyri-steroid iltihabəleyhinə preparat və karbonik anhidraza inhibitoru ilə müalicə olunmuş, dinamik OKT nəzarəti aparılmışdır. Üç həftəlik müşahidə nəticəsində görmə distorsiyası geriləmiş, Amsler testi mənfi olmuş, OKT-də makula strukturunda qismən bərpa izlənmişdir. Bununla yanaşı, makula nahiyəsində kiçik rezidual çapıq sahəsi qalmışdır. Lazer mənşəli makulopatiya üçün standart müalicə protokolu olmadığından klinik yaxşılaşmanın yalnız tətbiq edilən müalicə ilə əlaqəli olduğunu qəti şəkildə demək mümkün deyil.
Yekun
Oyuncaq lazer göstəricisi qısa müddətli təsir zamanı belə makula zədələnməsinə səbəb ola bilər. Uşaqlar və yeniyetmələr arasında bu cihazların oyuncaq kimi istifadəsinin məhdudlaşdırılması, valideynlərin maarifləndirilməsi və erkən oftalmoloji müayinə mühüm profilaktik əhəmiyyət daşıyır.





