ORTOKERATOLOJİ LİNZALAR MİOPİYAYA NƏZARƏT ÜSULU KİMİ
DOI:
https://doi.org/10.71110/ajo791020251701524957Açar sözlər:
ortokeratologiya, miyopiyaya nəzarət, miyopiyanın inkişafı, xüsusi linzalar, aksiyal uzanma, refraktiv xəta, görmənin korreksiyasıXülasə
Məqsəd – uşaqlarda proqressiv miyopiyanın müalicəsində ortokeratoloji (OK) korreksiyasının və ortokeratoloji linzaların (OKL) fərdiləşdirilməsi üçün xüsusi proqramların effektivliyini qiymətləndirmək.
Material və metodlar
2021-2023-cü illər ərzində standart və fərdiləşdirilmiş OKL-dən istifadə etməklə, hər biri 150 nəfər olmaqla, 7-16 yaş arası iki qrup uşaqlarda (-2.0) ilə (-6.75) D arasında proqressiv miyopiyanın korreksiyasının retrospektiv təhlili aparılmışdır. Müayinə üsulları: vizometriya, biomikroskopiya, hər 3 aydan bir ultrasəs biometriyası, keratometriya və keratotopoqrafiya.
Nəticələr
Proqressiv miopiyanı fərdiləşdirilmiş linzalarla korreksiya edərkən, göz almasının ön-arxa ox uzunluğunun böyümə dinamikasında dəyişiklik bütün qrupda orta hesabla 0,14 mm±0,06 mm təşkil etmişdir. Standart OKL-dən istifadə edərkən, uşaqların 13%-də 0,31±0,07 mm aralığında aksiyal uzunluğun artım dinamikasında dəyişiklik müşahidə edilmişdir. Birinci qrupdakı uşaqların qalan 87%-də isə ön-arxa uzunluğunun artımı 0,13 mm±0,05 mm olmuşdur. OKL tətbiqinin ilk gecəsindən sonra bütün xəstələrdə görmə itiliyi 0,1-dən çox, 30 xəstədə isə görmə itiliyi 1,0-dan çox olmuşdur.
Yekun
Tədqiqatın iki ili ərzində OK-linzalarının miyopiyanın proqressivləşməsinə inhibitor təsiri aşkar edilmiş, bu da refraktiv və ultrasəs biometriyasının göstəriciləri ilə təsdiqlənmişdir. Əldə edilən məlumatlar, proqressiv miyopiyanın effektiv müalicəsi kimi xüsusi proqramlardan istifadə edərək OK- terapiyasını tövsiyə etməyə imkan verir.