YENİYETMƏ VƏ GƏNCLƏRDƏ COVID 19 PANDEMİYASI DÖVRÜNDƏ MİOPİYANIN RASTGƏLMƏ TEZLİYİ
Açar sözlər:
miopiya, refraksiya qüsurları, COVİD 19, pandemiyaAbstract
Məqsəd – yeniyetmə və gənclər arasında COVİD 19 pandemiyasının başlanğıc və sonrakı dövrlərində miopiyanın rastgəlmə tezliyini araşdırmaq və alınan nəticələri müqayisə etmək
Material və metodlar
Tədqiqat 2020 və 2022-ci illərin ilk ayı ərzində zəifgörmə şikaytləri ilə müayinədən keçən, yaşları 14-18 (16,06±1,4) olan, 1000 yeniyetmə və gənc oğlanlar arasında aparılmışdır. Obyektiv refraksiyanın dəyəri sikloplegiyadan sonra retinoskopiya və refraktometriya əsasında qiymətləndirilmiş, hər xəstənin daha zəif görən gözün miopiyasının sferik ekvivalenti (SE) tədqiqata daxil edilmişdir. Alınan göstəricilər illər və miopiyanın dərəcəsi üzrə qruplaşdırılaraq müqayisəli təhlil edilmişdir.
Nəticə
Pandemiyanın tam başlanğıcında müayinədən keçən gənclərin 46,2%-ində və iki il sonra eyni zaman müddətində müayinədən keçənlərin 49%-ində miopiya və miopik astiqmatizm aşkar edilmişdir ki, burada miopiyanın SE-nin orta göstəricisi illər üzrə uyğun olaraq -3,6±0,2 və -4,5±0,2 təşkil etmişdir. Belə ki, pandemiyanın əvvəlində miopiya aşkar olunan gənclərdə zəif dərəcəli miopiya daha çox müşahidə olunmuşdur. Pandemiyanın sonrakı dövründə yüksək dərəcəli miopiyası olan gənclərin sayında statistik əhəmiyyətli artım müşahidə olunmuşdur və bu göstərici illər üzrə uyğun olaraq 18,1% və 27,7% təşkil etmişdir (p<0.05).
Yekun
COVİD 19 pandemiyası dövründə yeniyetmə və gənclərdə miopiyanın rastgəlmə tezliyinin, eləcədə yüksək dərəcəli miopiyası olan gənclərin sayında artım müşahidə olunmuşdur. Covid 19 pandemiyası dövründə müşahidə olunan sosial təcrid və karantinlə əlaqədar açıq havada keçirilən vaxtın məhdudlaşdırılması, distant təhsilin tətbiqi və yaxın məsafədə istifadə olunan mobil cihazlara sərf olunan vaxtın əhəmiyyətli dərəcədə artması yeniyetmə və gənclərdə miopiyanın yaranması və proqressivləşməsinə zəmin yaradan əsas risk faktorları olmaqdadır. Elə bu səbəbdən bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsi labuddür.