AZƏRBAYCANDA REFRAKTER QLAUKOMA ZAMANI KLAPANSIZ QLAUKOMA İMPLANTIN UZAQ NƏTİCƏLƏRİ
Açar sözlər:
Qlaukoma implantı, refrakter qlaukoma, gözdaxili təzyiq, hipotoniyaXülasə
Məqsəd – refrakter qlaukomalı xəstələrdə klapansız 350 mm² ölçüsü ilə qlaukoma implantının (Qİ) uzun müddət ərzində təhlükəsizliyinin və effektivliyinin qiymətləndirilməsi.
Material və metodlar Tədqiqata Berveld və AADİ (Aurolab Aqueous Drainage İmplant) Qİ implantasiya olunmuş 137 xəstə (145 göz) daxil edilmişdir. Görmə itiliyi (GI), gözdaxili təzyiq (GDT), antiqlaukomatoz preparatlar, fəsadlar, həmçinin əlavə aparılan postoperativ dövründə prosedurlar 60 ay ərzində təhlil edilmişdir.
Nəticələr
Qlaukoma implantının implantasiyasından 60 ay sonra GI 0,12±0,01-dən (0-0,8) 0,20±0,03-yə (0-0,8) qədər artmışdır (p<0,05), GDT-in orta göstəricisi və istifadə olunan göz damcılarının sayı müvafiq olaraq 40±1,0 (14-66) mm c.st. və 2,9±0,05 (2-4)-dən 15,3±0,9 (5-38) mm c.st. (p<0,01) və 1,47±0,17 (0- 3)-yə qədər (p<0,01) azalmışdır. Erkən postoperativ fəsadlardan 15 gözdə (12,9%) hifema, 38 gözdə (32,8%) hipotoniya və dayaz ön kamera, 18 gözdə (15,5%) iltihab, 24 gözdə (20,7%) hipertenziya, 23 gözdə (19,8%) silioxoroidal qopma, 1 gözdə (0,09%) torlu qişanın eksudativ qopması müşahidə edilmişdir. Gecikmiş postoperativ fəsadlardan isə 6 gözdə (5,3%) borunun okklyuziyası, 9 gözdə (7,8%) borunun yerdəyişməsi və endotel hüceyrələrinin itkisi, 1 gözdə (0,09%) blebit və 2 gözdə (1,7%) subatrofiya qeyd olunmuşdur. Əməliyyatın effektivliyi tam uğurlu – 42,8%, nisbi uğurlu – 42,8% və uğursuz – 14,3% hallarda əldə edilmişdir. Əməliyyat otağında 34 (23,5%), müayinə otağında isə 18 (12,4%) gözlərdə əlavə prosedurlar aparılmışdır.
Yekun
Ənənəvi antiqlaukomatoz cərrahiyyə uğursuz və ya qəbuledilməz olduqda klapansız Qİ-nin istifadəsi GDT-in aşağı salınması baxımından uzunmüddətli və effektiv müalicədir. Əməliyyatdan sonra hipotoniya və Qİ boruсuğu ilə bağlı fəsadlara hazır olmalısınız.