MULTİFOKAL BEST XƏSTƏLİYİ (KLİNİK HAL)
Açar sözlər:
multifokal Best xəstəliyi, VMD2, subretinal neovaskulyar membranXülasə
Multifokal Best xəstəliyi vitelliform makulyar distrofiyaların atipik formasıdır, torlu qişada
arxa qütbdə çoxsaylı “yumurta sarısına” bənzər ocaqların formalaşması ilə özünü göstərir. Məlumdur
ki, bu xəstəlik VMD2 (BEST1), genində olan mutasiya nəticəsində yaranır. Xəstəlik zamanı retinanın
piqment epitelində (RPE) ion kanallarının funksiyası pozulur və nəticədə torlu qişada müxtəlif ölçüdə
və sayda subretinal lipofussin ocaqları yaranır. Xəstəliyin erkən mərhələlərində görmədə nəzərəçarpacaq
dəyişiklik aşkar olunmasa da, son mərhələlərdə, əsasən də subretinal neovaskulyar membranın (SNM)
inkişaf etməsi nəticəsində görmənin azalması müşahidə oluna bilər.
2021-ci ildə akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə hər iki gözdə görmənin
bir neçə aydır azalması şikayətləri ilə müraciət etmiş xəstədə aparılmış müayinələrdən sonra “multifokal
Best xəstəliyi” diaqnozu qoyulmuşdur. Xəstəlik erkən mərhələdə olduğu üçün korreksiya ilə görmə
qənaətbəxş səviyyədə olmuşdur. Xəstəliyin ağırlığını və fəsadların yaranması mümkünlüyünü nəzərə
alaraq pasiyent daimi müşahidə altında qalmalıdır.