MULTİFOKAL ELEKTRORETİNOQRAFİYANIN MÜXTƏLİF FORMALI DİABETİK MAKULYAR ÖDEMİN MÜALİCƏ NƏTİCƏLƏRİNİN PROQNOZLAŞDIRILMASINDA ƏHƏMİYYƏTİ
DOI
https://doi.org/10.71110/ajo791020251702533946Açar sözlər
diabetik retinopatiya, makulyar ödem, vitreomakulyar traksiya, multifokal elektroretinoqrafiyaXülasə
Məqsəd – müxtəlif formalı diabetik makulyar ödem (DMÖ) zamanı multifokal elektroretinoqrafiyanın (mf-ERQ) tətbiqi ilə müalicə nəticələrini proqnozlaşdırmaq.
Material və metodlar
Tədqiqata daxil edilmiş 82 xəstə iki qrupa bölünmüşdür: I qrup – kistoz makulyar ödem ilə 41 xəstə (41 göz); II qrup – traksion makulyar ödem ilə 41 xəstə (41 göz). Xəstələr cinsinə görə 49 kişidən (59,8%) və 33 qadından (40,2%) ibarət olmuşdur, orta yaş 58,46±8,11 (min. 26, maks. 77 yaş) təşkil etmişdir. Şəkərli diabetin (ŞD) məlum olan davametmə müddəti 13,41±7,07 il (0-31 il arasında) olmuşdur. Müayinə olunanların hamısında müxtəlif növ DMÖ diaqnozu təsdiq edilmişdir. Kistoz makulyar ödem ilə olan xəstələrə şüsəvari cismə anti- VEGF inyeksiyası vurulmuşdur (41 xəstə), vitreomakulyar sindromla ağırlaşmış proliferativ diabetik retinopatiya (PDR) diaqnozu qoyulan xəstələrdə isə pars plana vitrektomiya əməliyyatı həyata keçirilmişdir (41 xəstə). Müalicədən əvvəl və sonra bütün xəstələrə mf-ERQ müayinəsi aparılmışdır.
Nəticələr
Beləliklə, Mf-ERQ P1 amplitudu göstəricilərinin DMÖ müalicəsinin funksional nəticələrini proqnozlaşdırmağa imkan verdiyi göstərilmişdir. Kistoz makulyar ödemində müalicədən əvvəl 1-ci halqada P amplitudu 1 göstəricisinin müalicədən sonrakı görmə itiliyini proqnozlaşdırmaq gücü 58,0%, (reqressiya əmsalı -0,021, p<0,001), traksion makula ödemləri zamanı əməliyyatdan əvvəl 1-ci halqada P1 göstəricisi əməliyyatdan sonrakı görmə itiliyin proqnozlaşdırmaq gücü 70,3% müəyyən edilmişdir (reqressiya əmsalı -0,026, p<0,001).
Yekun
Aparılmış araşdırmanın nəticələri mf-ERQ müayinəsində əldə edilən funksional göstəricilərin son vizual proqnozla əlaqəli olduğunu göstərir və mf-ERQ müayinəsinin DMÖ müalicəsinin funksional nəticələrinin proqnozlaşdırılmasında dəyərli olduğunu təsdiq edir.