VİTREORETİNAL ƏMƏLİYYATLAR ZAMANI MULTİMODAL ANESTEZİYANIN MÜXTƏLİF MODİFİKASİYALARININ ENDOKRİN-METABOLİK REAKSİYASINA OLAN TƏSİRİNİN ÖYRƏNİLMƏSİ
Açar sözlər:
anesteziya, vitreoretinal əməliyyatlar, stress-markerlarXülasə
Məqsəd - vitreoretinal əməliyyatlar zamanı müxtəlif anesteziya metodlarının tətbiqi ilə xəstələrdə qanın plazmasında epinefrinlərin, kortizolun və qlükozanın səviyyəsinin öyrənilməsi.
Material və metodlar
Tədqiqat işi 21-58 (orta yaş həddi ̶ 37,8±0,6) yaş arasında olan 271 xəstənin üzərində aparılmış 291 müxtəlif vitreoretinal əməliyyatların nəticələrinin öyrənilməsinə əsaslanır. Əməliyyatlar zamanı istifadə olunmuş anesteziya üsullarına əsasən xəstələr 3 qrupa bölünmüşdür: I qrup – ümumi anesteziya (n=106); II qrup – ümumi anesteziyanın və subtenon anesteziyanın birqə istifadəsindən ibarət multimodal anesteziya (n=89); III qrup – ümumi anesteziyanın, subtenon və applikasion anesteziyaların birqə istifadəsindən ibarət multimodal anesteziya (n=76). Stress-markerlərin dinamikasının öyrənilməsi məqsədi ilə I qrupdan 21, II qrupdan 20, III qrupdan isə 22 yanaşı xəstəliyi olmayan xəstələr seçilmişdir. Tədqiqat 3 mərhələdə aparılmışdır: I mərhələ – əməliyyatdan 1 gün əvvəl; II mərhələ – əməliyyatın gedişatı zamanı ən travmatik mərhələ; III mərhələ – əməliyyatdan 2 saat sonra.
Nəticə
Hər üç qrupda stress-markerlərin mərhələlər üzrə göstəricilərinin statistik təhlili göstərmişdir ki, dinamikada qruplarda stress-markerlərin səviyyələri arasında (p>0,05) dürüst fərq olmamışdır. Bu isə tədqiq edilən anesteziya metodlarının hər birinin adekvat olduğunu təsdiqləyir. III qrup pasiyentlərdə stress-markerlərin səviyyələrinin dəyişikliklərinin təhlili zamanı I və II qruplarla müqayisədə statistik dürüst fərqlərin daha az olması aşkar edilmişdir (p<0,001).
Yekun
Beləliklə, aparılan tədqiqatların nəticələri göstərmişdir ki, vitreoretinal əməliyyatlar zamanı ümumi, subtenon və applikasion anesteziyaların birgə istifadəsindən ibarət multimodal anesteziya metodu optimal stress-proteksiyasını təmin etmək üçün ən efektiv anesteziya metodudur.