AZƏRBAYCAN RESPUBLİKASINDA GƏNC KİŞİ POPULYASİYASINDA ANADANGƏLMƏ RƏNG GÖRMƏ DEFİSİTİNİN RASTGƏLMƏ TEZLİYİ VƏ ONUN AŞKARLANMASININ ƏHƏMİYYƏTİ
Açar sözlər
rəng duyğusu defisiti, anadangəlmə, disxromatopsiya, monoxromaziyaXülasə
Məqsəd – Azərbaycanda gənc kişi populyasiyasında anadangəlmə rəng görmə defisitinin (RGD) rastgəlmə tezliyini öyrənmək.
Material və metodlar
Tədqiqat Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində 2025-ci ilin ilk 6 ayı ərzində müayinədən keçən gənc kişilər arasında aparılmışdır. Analitik, çarpaz kəsikli və populyasiya əsaslı aparılan tədqiqatda 2988 kişinin ümumi oftalmoloji müayinəsi, o cümlədən rəng duyğusu yoxlanılaraq alınan nəticələr təhlil edilmişdir. Rəng görmə duyğusu psevdoizoxromаtik İşihаrа testi və Rаbkinin polixromаtik cədvəli ilə təyin edilmişdir. Dixromaziya və monoxromaziya aşkar edilən gənclər əlavə olaraq elektroretinoqram (ERQ) müayinəsinəsinə cəlb edilmişdirlər. Alınan nəticələr arasında statistik fərqlər hesablanmış, p<0,05 göstəricisi statistik baxımdan əhəmiyyətli qəbul edilmişdir.
Nəticələr
Müayinəyə daxil edilən kişilərin orta yaş həddi 21,4 ± 3,3 təşkil etmişdir. Alınan nəticələrə əsasən müayinə olunan gənclər arasında 21 nəfərdə (0,7%) anadangəlmə RGD aşkar edilmişdir. RGD-nin müxtəlif formalarının rastgəlmə tezliyi göstərmişdir ki, deyteranopiya (35%), deyteranomaliya (45%) disxromatopsiyanın növləri arasında üstünlük təşkil edir (p<0,05). Protanomaliya 10%, protanopiya 5% və monoxromaziya 5% hallarda RGD-də müşahidə olunmuşdur.
Yekun
Nəticələrimiz göstərir ki, anadangəlmə RGD-nin gənc kişi populyasiyasında rastgəlmə tezliyi digər populyasiyalara nisbətən azdır. RGD-nin erkən aşkar edilməsi, həmin şəxslərdə psixososial çətinliklərin dəf edilməsində, o cümlədən peşə seçimi, sürücülük vəsiqələrinin alınmasında önəmli rol oynayır. Bu baxımdan, müxtəlif yaş qruplarını əhatə edən populyasiyalarda rəng duyğusu skrininqinin aparılması labüddür.